Məti OSMANOĞLU- Firidun bəy Köçərli L.Tolstoyu və Ə.Hüseynzadəni niyə tənqid edirdi?

Bu yazıya counter dəfə baxılıb

F.Köçərlinin mənsub olduğu ziyalılar tariximizin elə bir dövründə yaşayıb fəaliyyət göstərdilər ki, onlara yoxdan bir bayraq, müqəddəs ideal rəmzi yaratmaq”, (M.Ə.Rəsulzadə) olmayan yerdən bir dövlət qurmaq kimi şanlı tale nəsib oldu.
Azərbaycan milli ideologiyasının ərsəyə gəlib formalaşmasında əvəzedilməz rol oynamış Firudin bəy Köçərlinin yaradıcılığında ictimai fəaliyyətində məktəbin, təhsil və tədris məsələlərinin xüsusi yeri vardır. Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinə rəhbərlik etmək, Azərbaycan müstəqillik qazanan kimi həmin təhsil ocağının maddi bazası əsasında Qazax müəllimlər semiraniyasını təşkil edib fəaliyyətə gətirmək tariximizin şərəfli səhifələridir. Firudin bəy fəaliyyəti boyunca milli təhsil tərbiyənin aktual məsələlərini daim nəzərində saxlamış, tarixi proseslərin içində olmuş, ömrünün sonuna qədər bu sahədə çox faydalı işlər görmüş və elə bu yolda da şəhid olmuşdur.
Mütəfəkkir şəxsiyyət belə hesab edirdi ki, biz öz varlığımızı yaşatmaq, tarixlə ayaqlaşmaq üçün dəyişən dünya reallıqlarından geri qalmamalıyıq. Dünyaya hökm edən avropalılar hansı dəyər meyarlarla yaşayırlarsa, biz həmin ölçüləri qəbul etməli, onlardan bəhrələnməliyik. “Dövlət, sərvət, mərifət, kamal, hünər, bilik, bacarıq, rahət güzəran avropalılarda; fəqr, zəlalət, yoxsulluq, cəhalət, avamlıq, hünərsizlik, narahatlıq, icz, əsarət və kəsalət aləmi-islamda. Bunlar gözün tikiblər axirətə, beş günlük ömrü bir tövr keçirib, darü bəqaya vasil olmağa, onlar çalışırlar dünya zindəganlıqlarını rahat etməyə və mürəffəhal ilə dolanmağa, özləri üçün dövlət və hörmət qazanmağa. Bunlar fəlakət və qəflətdə, onlar ciddiyyət və səadətdə; bunlar ölü, onlar diri!” Böyük ürək ağrısı ilə müqayisəli mənzərə yaradan F.Köçərli bildirirdi ki, avropalıların bu səviyyəyə çatmaları heç müsəlmanlardan artıq dərəcədə qabiliyyətli olmaqları ilə bağlı deyil, onların həyatı, dünyada gedən prosesləri düzgün qiymətləndirə bilməklərindəndir. Müsəlmanlar isə bu dünyanın reallıqlarından əl çəkib, ancaq ölüm axirət haqqında fikirləşirlər.  Ona görə avropalılara çatmaq üçün öz düşüncə tərzmizi dəyişməli, şüurumuzu hərəkətə gətirməliyik. O, bir maarifçi kimi islam millətlərinin, o cümlədən azərbaycanlıların geriliyinin Nə gərəkdir sənə bu dövlə mal, Yükünü yüngül eylə, ey həmmal! - deyən zehniyyət tərzindən qaynaqlandığını düşünürdü.
F. KöçərliHəyata dəvətadlı məqaləsində öz fikirlərini əsaslandırmaq üçün məşhur rus ədiblərindən Q.Petrovun Tolstoyun fəlsəfi düşüncələri barədə tənqidinə xüsusi diqqət yönəldirdi. Məlum olduğu kimi, böyük rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy tarixin qaynayıb daşdığı XX əsrin əvvəllərində öz həmvətənlərinə, dindaşlarına zülmə şərə müqavimət göstərməməyi təbliğ edirdi. Onun əqidəsincə, hər şey Allahın iradəsi ilə baş verdiyinə görə insanların Allahın iradəsinin ziddinə getməyə haqqı çatmır. Petrov dahi yazıçının bu mövqeyinə qarşı çıxır, insanları fəaliyyətə, tarixi proseslərə müdaxilə etməyə səsləyirdi. Firudin bəy Q.Petrovun mövqeyini əsas gətirərək müsəlmanları qaramata sürükləyən fəaliyyətsizlik psixologiyasından xilas olmaq üçün ətalətdən qurtulub hərəkət etməyə çağırırdı 
Petrovun  məqaləsində Firudin bəyin nəzərini çəkən başqa bir məqam isə Rusiya imperiyasında başqa millətlərə göstərilməsi gərək olan münasibətlə bağlı idi. "Həyatı unutmayınız, ona rəhminiz gəlsin, həm vücudunuzda, həm başqalarda onu mühafizə ediniz, seviniz və əziz tutunuz, əski və qədim nişangahların uçub dağılmasına razı olmayıb, yazığınız gəlirkən qüvvətli bir millətin hücum və zülmü altında başqa bir zəif millətin hüquq və hürriyyətinin əlindən alınmasına, dilinin və dininin məhv və nabud olmasına rəhminiz gəlməzmi?...." F.Köçərli Petrovun fikrini sitat gətirərək sonda qeyd edirdi ki, onun “bu sözləri qızıl suyu ilə yazılmalıdır!
Onu da qeyd etmək yerinə düşərdi ki, F.Köçərli Lev Tolstoyun müdafiə etdiyi mütilik ideyasına qarşı başqa bir yazısında da kəskin çıxış etmişdi. Yazı müəllim kadrlarının hazırlanması probleminə həsr olunmuşdu. O vaxt Rusiyada nəşr olunanNovoye vremyaqəzetinin müəllimlərin sosial vəziyyəti ilə bağlı nəşr etdiyi məqalədən istifadə edərək  F.Köçərli müəllim hazırlığının bir sıra problemlərinə kəskin münasibət bildirmişdi. Onun vurğuladığı məsələlərdən biri hökumətin müəllim hazırlığına ideoloji mülahizələrlə yanaşması, gənc müəllimlərin siyasi və ictimai təşəbbüslərdən məhrum edilməsi  idi: “Sabiqdəki maarif nazirlərinin ümdə fikri yaxşı müəllimlər və qabil müdərrislər yetirmək olmayıb. Onların fikir və xəyalı saldatlar kimi naçalniklərin, rəislərin hökmünə tabe və əmrinə müti çinovniklər hasilə gətirmək olubdur. Onlardan məşhuru qraf Tolstoy  müəllimlər yetirmək üçün cavan tələbələrə saldat kimi təlim verdirib, onların bədənlərindən müəllimlik ruhunu çıxardıb, çinovniklik ruhu daxil etməyə müvəffəq oldu.  
“Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar, şan və hörmət qazanıblar, dövlət və qüvvət kəsb ediblər”, - deyən Firudin bəy belə hesab edirdi ki, “biz Rusiya müsəlmanları müddəti-mədid müəllimsiz və mürəbbisiz qalıb, tərəqqi yoluna salik olan mütəməddin millətlərin qatarından üzülüb geridə qalmışıq. Uzun müddətlər əbnayi-millətə qaydasınca təlim və tərbiyə verən müəllimlərimiz olmadığına görə belə pərişan hala düşmüşük”. Firudin bəy Köçərlinin qənaətinə görə, millət iki təbəqdən ibarətdir: “iyyət tayfası, əkinçi və cütçü qardaşlar” millətin kökünü, özəyini təşkil edən əsas qüvvədir. Millətinüst təbəqəsini isə onun oxumuşları, “nücəbalarıtəşkil edirBir ağacın yarpağına bənzəyən həmin nücəbaların borcu öz kökünə xidmət etmək, öz varlığına sahib çıxmaq, kökü qorumaq, millətintorpaq altda qalantəbəqəsini işığa çıxarmaqdır. Ədibi yarpaqların öz köklərinə laqeydliyi narahat edirdi: “...öz zahiri kamal və tərbiyəmizlə, nəcabətimizlə, təzə modada tikilmiş libasımızla və müzəyyən və münəqqəş otaqlarımızla iftixar və sərkəşlik edib, qaranlıqda qalan cəhl və nadanlıq cəngində zar və zəbun olan qardaşlarımızın dad və harayına yetişmirik”.
Bu laqeyd münasibətin, millətin torpağın altında olan köklərinin diqqətdən kənarda olmasının  acı nəticəsi kimi cəhalət qaranlığının gündən-günə qatılaşdığı, tənəzzülün saatdan-saata dərinləşdiyi, millətin yüz il boyu zamanın çağırışlarına cavab verə, dəyişə bilmədiyi göstərilirdiProblemi dərinləşdirən isə bu idi ki, “...bu müddətin ərzində sair əqvam və miləl kəmali-sürətlə irəli gedib, bizi geridə qoyublar”.
Millətin geridə qalmağının əsas səbəbini elmsizlikdə, təhsilsizlikdə, maarifsizlikdə görən F.Köçərli savadlı insanları həm özünün fərdi nümunəsi ilə, həm yazıları ilə fədakarlığa səsləyirdi. Belə hesab edirdi ki,  milli gerilik probleminin mənbəyi millətin önündə getməli olan insanlarınoxumuşların milli mənafe maraqlara əhəmiyyət verməməsindədir. Təəssüflə ağrı ilə qeyd edirdi ki, elmə və maarifə yiyələnmiş soydaşlarımızın əksəriyyətinin “ümdə arzusu özlərini şəhərə salıb, isticə və mənfəətli qulluq tapmaqdır”.  

Ədib cavan müəllimləri qınayırdı ki, onlar kənddən dərhal üz döndərir, bir ildən artıq kənddə qalıb cəhalət qaranlığında qalan həmvətənlərimizin təhsil tərbiyəsi ilə məşğul olmaqdan  boyun qaçırırlarKənarda yüksək təhsil ocaqlarında ali təhsil alanlarımız kəndlərə gedərək nadanlığın cahilliyin aradan qaldırılmasını,  din qardaşlarını qəflət yuxusundan oyatmağı, öz elm və mərifəti ilə onları da nurlandırmağı özləri üçün  əskiklik təhqir hesab edirlər
Böyük mütəfəkkirin qənaətinə görə, millətin içindən çıxmış təhsilli gənclərin öz şəxsi mənfəətlərini millətin ümumi maraqlarından, tarixin millət qarşısına qoymuş olduğu vəzifələrdən üstün tutmağa haqqı çatmır. O, bir məqamı xüsusi vurğulayırdı ki, qızıl-gümüşün cazibə qüvvəsinə məğlub olan ziyalılarımız sözə gəldikdə millət uğrunda hər şeyə hazır olduqlarını deyirlər. “Təəccüb budur ki, hansı bir ziyalı və mədəniyyətli müsəlman qardaşı dindirirsən ahi-cigərsuz ilə deyir: "Millət əldən getdi, dinimiz puç oldu, sair tayfalar bizi qoyub irəlilədi. Gərəkdir çalışaq, gərəkdir rahatlığı özümüzə haram edək, milləti oyadaq, onun uğrunda can və maldan keçək, ona tərbiyə verək, elm nuru ilə onu işıqlandıraq" və bu qisim laf-kəzafdan dəm vurub boşboğazlıq edirlər”.
Firudin bəyin ictimai baxışlarında mühüm yer tutan ən mühüm məsələlərdən biri ana dili idi. Bu mövzu ilə bağlı ədib 1913- iləAna diliadında ayrıca genişhəcmli bir məqalə yazmışdı. Azərbaycançılıq ideologiyasının tərəfdarı olan F.Köçərlinin dillə bağlı fəaliyyəti iki istiqaməti əhatə edirdi:
1.    Ədəbi dil quruculuğu, Azərbaycan-türk dilinin təmizliyi məsələləri. Firudin bəyin ədəbi dil məsələsi ilə bağlı mövqeyi çox aydın idi və Azərbaycan dilini Osmanlı dilindən fərqləndirməyin qəti tərəfdarı idi. Bu məsələdə onun Əli bəy Hüseynzadəyə qarşı mövqeyi də çox sərt idi. "Allah Əlibəy Hüseynzadəyə insaf versin. Kaş o alicənab İstambulda rahat əyləşib, bizim şumbəxt Qafqaza təşrif gətirməyə idi. O cənabın elm və kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm və kamalından bizə bir bəhrə vermədi, ancaq dilimizə pozğunluq saldı, təzə dil gətirdi. Ətrafını bir dəstə meymunlar bürüdü və ona təqlid etməkdə biri-birinə macal verməyib, "böyük hünərlər" göstərdilər. Az vaxtın içində Qafqaz türklərinin dili osmanlı sözləri və istilahları ilə doldu”. Qeyd edək ki, ədibin “Ana dili” adlı bu məqaləsi 1913-cü ildə nəşr olunmuşdur.
2.      Dilin tədrisi ilə bağlı ciddi  problemlər. Bu məsələ ilə bağlı F.Köçərli maraqlı bir müqayisə aparmışdı. Gürcü maarifçisi Yakov Semyonoviç Qoqebaşvilinin xatirəsinə həsr etdiyi məqalədə maraqlı bir mətləbə toxunurdu. Firudin bəy  Qoqebaşvilinun öz xalqının maariflənməsi, ana dilinin tədrisi sahəsində fəaliyyətini yüksək qiymətləndirərək mövzunu Azərbaycanın təhsil problemlərinin üzrinə gətirirdi: “Mərhum Qoqebaşvili xalq məktəblərində ana dilinin tədrisinə böyük əhəmiyyət vermiş və onu müdafiə etmək üçün bir sıra ciddi və əməli səciyyə daşıyan məqalə və kitabçalar yazmışdır. Qoqebaşvilinin kitablarının yerli əhali arasında on və yüz min nüsxələrlə yayılması da bununla izah olunur. Bu dərsliklər uşaq təbiətinin və dilinin sadəliyini çox az nəzərə alan Azərbaycan ibtidai məktəbləri üçün kitab tərtib edənlərə təqlid etməyə diqqətəlayiq nümunə ola bilər”.
Firudin bəy Köçərlinin ictimai fəaliyyətində, bir şəxsiyyət kimi mövqeyində maarifçilik görüşlərində ədəbiyyat məsələləri də fərqli tarixi məna məzmun daşıyır. "Ədəbiyyat millətin aineyi-həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisi və istiqbalı üçün nicat və səadət yollarını eynilə göstərir", - deyən ədib ədəbiyyatı millətin həqiqətlərini əks etdirən güzgü kimi qiymətləndirməklə yanaşı, həm milli şüurun təşəkkül tapmasında, millətin maddi mənəvi tərəqqisi üçün başlıca amillərdən hesab edirdi. Müasir Azərbaycan milli təhsilinin etibarlı təməllərindən olanVətən dilidərsliyinin redaktoru kimi, “Balalara hədiyyəadlı uşaqlar üçün bu gün dəyərini saxlayan qiymətli oxu kitabının, dəyərli məqalələrin və “Azərbaycan ədəbiyyatı” adı ilə çap olumuş ikicildlik fundamental araşdırmaların müəllifi kimi o öz tarixi təyinatını məhz millətə xidmət etməkdə görürdü. “Balalara hədiyyə” kitabının “Ön söz”ündə yazdığı kimi: “Zənnimizcə, bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındadır. Böyük adamların ürəklərinin açılmağına səbəb bu olacaqdır ki, onlar mütaliə əsanasında öz uşaqlıq vaxtlarını ixtiyarsız xatırlarına götürəcəklər. Bu isə, yəni qəlbi şad etmək, özlüyündə bir xidmətdir.


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ