-İnsan zamana əsirdi... Ya
da yox... Zaman-məkan anlayışı duyğular üçün mənasızdır... Özümüzdən elə
tablolar uydururuq ki, obrazları realda
bizə tamam yad olan insanlardı. Bəlkə, onlar bizə maraqlı, bu qədər əziz olduğu
halda biz onlar üçün mənasızıq...
Maraqsızıq... Bəzən, hətta, dəyər verib özümüzdən çox istədiyimiz insanlar bizə
yuxarıdan baxır... Oradan bizi necə görürsə, təbəssümündəki kinayədə əzilirik,
qırılırıq... Çilik-çilik oluruq... Amma, öz
xəyalımızda çox tez küsüb-barışırıq xəyali obrazımızla... Ondan incimək
də, küsmək də darıxana qədərdi... Lap azca darıxana qədər...Ağılla ürəyin
vuruşması başlayır...Hərəsi öz qılıncını sıyırır... Uzun mübarizədən, nəhayət,
qalib çıxan zaman-məkan anlayışı olur. Yəni, ağıl zəfər bayrağını başı üstünə
qaldırır, ürək isə acılarla dolur, daşır... Gözdən süzülür bu
acılar...Ağlayarıq...Belə, sağolun... Anlatmağa çalışdım...
Telefonu
keçirib gülümsədi. Yox, deyəsən, bu qızın sözləri xoşuna gəlmişdi. “Bəlkə, onlar bizə maraqlı, bu qədər əziz
olduğu halda biz onlar üçün mənasızıq...”
Cümləni özlüyündə təkrarladı Tural...Dilinə gətirməsə də, açıq deməsə də o
qızın “əziz adam”ının özü olduğunu anlamışdı...Bunun səbəbini tapmırdı. Cəmi
bir dəfə üz-üzə gəlmişdilər. Adı təsadüf, özü zərurət olan bu bircə dəfə
qarşılaşmaq hər ikisinin həyatında qəribə bir təzad yaratmışdı. Onlar iki yad,
doğma insan idilər... “Doğma yad”... Hər ikisi bir-biri üçün “sirli qırxıncı
otaq” idi. Bu otağın açarını özlüyündə hər ikisi gizlətmişdi. Ancaq hər ikisi də
bu sirri bilməyə can atırdı.
Tural
özünü anlaya bilmirdi. Ancaq deyəsən, o qızı anlamağa başlamışdı. O qız Turala
böyük dəyər verirdi. “Onu özündən çox istəyirdi”... Dediyindən belə anlamışdı
Tural...Bəs Tural? Bax bunu bilmirdi...Bu sualın cavabını tapmırdı...
Çətin
sualın qarşısında özünü yormaq istəmədi belə...Sevdiyini düşündü...Aysel üçün
darıxdığını hiss etdi. Dörd gün olardı ki, görüşmürdülər. O, işi ilə əlaqədar
rayona getmişdi. Bu gün qayıtmışdı, hələ görüşməmişdilər. Telefonu açınca ilk zəngi
Ayseldən gözləsə də, yad qız onu qabaqlamışdı. Özlüyündə hər ikisini müqayisə
elədi. Ayselin uzun, qara saçları vardı. O qızın isə saçları elə bil gəlincik
saçı idi. Açıq palıdı, nazik...Nənəsi belə saçlar haqqında danışanda “hörüyəgəlməz” deyirdi.
Yenə
darıxdı Aysel üçün. Sevimli rəqəmləri sığalladı...Ayselin telefonu məşğul idi. Gələndən bəri divanda uzanıb qalmışdı. Yolun
yorğunluğunu çıxarırdı canından. Ancaq Aysel üçün darıxmağı mürgülü gözlərini
oyatdı, dumanlı beynini aydınlatdı. Ayağa durub cəld geyindi. Qaçaraq qapıdan
çıxdı. Həyəcanlıydı. İlk dəfə idi ki, Ayseldən bu qədər-dörd gün ayrı qalmışdı.
Bu dörd gündə bəlkə dörd yüz dəfə Ayselin saçlarını xəyalında tumarlamışdı.
Qarşıdakı
binanın həyətinə çataraq balaca şam ağacının yanında dayandı. Ayselgil məhz bu
binada, üçüncü mərtəbədə yaşayırdılar. Onların qonaq otağının pəncərəsi düz
bura açılırdı. Burdan o pəncərəyə baxmaq belə onu xoşbəxt edirdi. Tural yenə
Ayselin nömrəsini yığdı. Yenə xətt məşğul idi. Gözlərini pəncərəyə dikdi. Açıq
çəhrayı rəngli pəncərəni külək yelləyirdi. Düşündü ki, bu pərdəni Aysel, görəsən,
necə ütüləyib? Yəqin onun anası kimi qatlaya-qatlaya ütüləyib ki, qırışmasın.
Amma külək necə də zalımdır...İndi pərdəni pəncərənin çərçivəsindən eşiyə-içəri
atıb qırışdıracaq...
Tural
hiss etdi ki, zaman çox asta keçir...Bəlkə də dayanıb...Aysel üçün darıxdığı hər
an zaman anlayışı gen gəlirdi ona...Aysellə yaşadığı zamanlara isə sığa
bilmirdi. Elə tez keçirdi ki, saatlar...Yenə Ayselə zəng etdi. Bu dəfə telefon
çağırırdı.
-Alo?
-Ayselim...
-Ürəyim...Gəlmisən?
-Necəsən?
Axı sən bilirdin bu gün gəlməyimi...
-Şükür...Darıxmışdım...
-Pəncərəyə
bax...
-Uzanmışam...Yorğunam...
-Külək
pərdələrinizi qırışdırır...Əziyyətlə ütüləmisən...
-Dəli...Gəlirəm...
Beş
dəqiqədən sonra şam ağacıyla sağollaşıb əl-ələ həmişəki doğma ünvana,
yaxınlıqdakı kiçik restorana gedirdilər...Eyni yerdə, qapıdan girincə soldakı
ikinci stolda oturardılar...Tural üzü qapıya oturardı həmişə...Bu dəfə də elə
oturdular...Pendirli, toyuq ətiylə pizza sifariş verdilər...
Tural
əlini atıb Ayselin uzun, qara saçlarını sığlladı...Fikrindən keçdi ki, qızın
saçını azacıq dartıb onu cırnatsın...Lakin, tez əlini çəkib gülümsündü...İki il
idi ki, bir-birlərini sevirdilər. Ancaq bir dəfə də olsun beyninə bu fikir gəlməmişdi.
Çox darıxdığındandı deyəsən...Ancaq saçlar Ayselin üzünün sağ tərəfindün
sürüşür, azacıq qıvrılır, elə bil Turalın acığına qızın gözlərini örtməyə
çalışırdı. Yenə əlini uzatdı. Qara saçları sığalladı, sonra Ayselin boynunun
ardına atdı:
-Belə
yaxşıdı-dedi...
Aysel
isə sakitcə gülümsəyirdi. Onun da darıxdığı hiss olunurdu. Ala gözləri sevgiylə
parıldayırdı. Bu parıltı üçün də darıxmışdı Tural...Qızın saçını əlindən
buraxmayaraq başını azca irəli əydi, pıçıldamağa başladı:
Yenə
qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyalə gözlər!
Aysel
qəhqəhə çəkdi:
-Sən
canın, bunu da rayondamı öyrəndin?
-Hə...Mən
də Qazaxdanam axı...
-Qazaxlılar
oxuyur bunu?
-Hə...Səməd
Vurğunun şeiridi...
-Mənə
yazıb yəqin...
-Yox,
mən sənə həsr edirəm.
-Mən
sənə nə həsr edim bəs?
-Sən
də mənə bir şeir yaz...
-Mən?
Get fanatlarına de yazsın...-Aysel yenə bərkdən güldü. Qonşu stoldakı qızlar
dönüb baxdılar. Aysel gülərək pıçıldadı:
-Bax,
o da fanat ordusu...
Tural
özünü elə xoşbəxt hiss edirdi ki...Artıq söz tapmırdı. Ofisiantın
yaxınlaşmasına sevindi. İndi də pizzanı yeyə-yeyə gülürdülər.
Restorandan
çıxanda da Tural əlini qara saçlardan çəkmədi. Elə bil bu saçlara dolanmaq,
ordaca ölüb qalmaq istəyirdi. Bu saçlar onu ölümə səsləsə də gedəcəyinə and
içmişdi ürəyində. Ayseli evlərinə yola salanda da həmişəki kimi alnından deyil, saçlarından
öpdü Tural...
Evə
gəlincə də saçları düşündü...Yatdı, yuxuda da qara saçları gördü. Çox qəribə
yuxu idi.
Elə
bil ağlayırdı qara saçlar. Utanırdı ondan. Elə bil böyük bir günaha
batmışdılar, indi yağış kimi göz yaşları yağdırırdılar ki, təmizlənsinlər,
günahlardan arınsınlar. Amma olmurdu. Tural
əl atıb o saçları tutmaq istədi. Əli çatmadı. Ha can atdısa barmağı ilə
də toxuna bilmədi. Saçlar elə bil dil açıb yalvarırdı ki, məni bağışla...
Yuxudan
ayıldı. Ürəyi bərk döyünürdü. Soyuq tər bürümüşdü Turalı. Qorxmuşdu yuxusundan.
Səhərin açılmağına çox vardı. Ayselə zəng vurmaq istədi. Sonra fikrindən
daşındı. Yəqin yatır, oyatmaq istəmədi. Durub geyindi, həyətə düşdü. Şam
ağacının yanına gəldi, Ayselgilin pəncərəsinə baxdı...Qaranlıqda bircə pərdənin
yellənməsini seçə bildi. Bir az durub geri qayıtdı. Evə girmək istəmədi. Ürəyindəki
narahatlıq keçmirdi. İstər-istəməz Ayselin nömrəsini yığdı. Xətt məşğul idi. Elə
bil bədənindən cərəyan keçdi. Qaçaraq şam ağacının altına gəldi. Pəncərəyə
gözünü dikib baxdı. Az sonra Aysel özü ona zəng etdi. Telefonu açınca səsindən
özü də diksindi:
-Kimlə
danışırsan?
-Heç...
-Heç
nədi, Aysel?
-Ürəyim,
sən mənim ürəyimsən, mən də sənin ruhun...Səni yığırdım...
-Niyə?
-Yuxumu
qatmışdım...
Turalın
səsi yumşaldı:
-Mən
də pis yuxu gördüm...
-Nə
gördün?
-Saçların
ağlayırdı...
-Saçlarım
əlin üçün darıxır...
-Onlara
əlim çatmadı...
-Bəlkə
də...
-Sən
də eyni yuxunu görürdün?
-Yox...Amma
əlin çatmadı...
-Nədən
bildin bəs?
-Nəyi?
-Əlim
çatmadı saçlarına...
-Tural...Sabah
restorana gəl...Həminki yerə, saat 2-də...
-Axı
mən işdə olacam...
-Tamam...İşdən
çıxanda gəl...Saat 7-də...
-Oldu...Yat...
-Sən
də...
Səhər
işdə qara saçların xəyalıyla günü başa vurdu Tural...Amma, ürəyində narahatlıq
vardı. Qara saçların göz yaşları gözünün önündə canlanırdı tez-tez...İşdən
vaxtından tez çıxdı ki, 7-də restoranda olsun.
Qapını
açınca “öz yerləri”nə baxdı...Aysel arxası qapıya oturmuşdu həmişəki
kimi...Onunla üzbəüz oturan oğlanı isə tanımırdı. Oğlan onu görüncə əlini
Ayselin sağ yanağına apardı...Onun yanağını sığallayıb saçlarını boynunun ardın
atdı:
- Belə yaxşıdır, Aysel-dedi.
Tural yerindəcə donmuşdu.
Bu saçlar... Qara saçlar günaha batmışdı... Yuxusunu indi anladı... Sağ tərəfdə
dönər hazırlayan oğlanın əlindəki bıçağı almaqla stola tərəf cummağı bir oldu.
Oğlan diksinib ayağa qalxdı. Qorxusundan rəngi ağardı... Aysel isə arxaya dönməyə
imkan belə tapmadı. Tural cumub Ayselin saçlarından yapışdı. Bir çəngə bıçaqla
kəsib bıçağı yerə tulladı. Saç əlində qapıdan eşiyə çıxdı. Sürətlə oradan
uzaqlaşdı... Beynində isə bu sözləri təkrar edirdi:
- “Bəlkə, onlar bizə
maraqlı, bu qədər əziz olduğu halda biz onlar üçün mənasızıq... Maraqsızıq...”
- “...ağıl zəfər bayrağını
başı üstünə qaldırır, ürək isə acılarla dolur, daşır... Gözdən süzülür bu
acılar...Ağlayarıq...”
Şəfa Vəliyeva
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ