İslam Əzimov- QADINLAR ÖZ ÖMRÜN YAŞAMAYIR Kİ..

Bu yazıya counter dəfə baxılıb

Yüz ölçər,bir biçər addımın,izin,
Üfürə-üfürə içərlər suyu.
Eşidən nə deyər,görən nə deyər?!
Var yerin "qulağı","danışan" quyu,
Ananın öyüdü,atanın xofu,
Çevrilər çəpərə hər addımbaşı,
Bu olmaz...,o,olmaz...,o biri olmaz,
Günün göy əsgiyə düyər qardaşı...,
Qadınlar öz ömrün yaşamayır ki.
****
Qəlbini göynədən sevdanın adın,
Yasaqdı...,dilinə gətirə bilməz,
Bir soyun alnını açıq eyləyən,
Bir qız vüqarıdır-itirə bilməz.
Bakirə bir adı qorumaq üçün,
İynə ulduzundan keçər qadınlar,
Ən böyük mükafat,ən böyük ödül,
"Namuslu"- adını seçər qadınlar.
Qadınlar öz ömrün yaşamayır ki.
****
Gedər vağzalıyla ərköyünlüyü,
Burda ev-eşiyin naxışı özgə,
Ana baxışından xumarlanana ,
Daha qaynanın baxışı özgə,
Qaynata hikkəsi,qayın hikkəsi.
Çalışıb,baldızın nazını çəkər,
Baş əyər taleyin şıltaqlığına.
Qismətin "çoxunu","azını" çəkər-
Qadınlar öz ömrün yaşamayır ki.
****
Çoxalır qayğılar körpə səsindən ,
Balanın qadasın almağa hazır.
Çiçəkli bir həyat bəxş etmək üçün,
Özü yarpaq-yarpaq solmağa hazır.
Ömrü başda- başa dolanbac yolu,
Ucalmaq gözləyir,enmək gözləyir,
Axşamdan səhərə kirpik yummamaq,
Qapıda heykələ dönmək gözləyir-
Qadınlar öz ömrün yaşamayır ki...







Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ