Ötmək – gerçəkliklə barışmamaq, ondan üstün olmaq, Mütləqə can atmaqdır.
***
Bugün – dünəni ötməkdir: dünəni ötməyən bugünü yaşaya bilməz.
***
Sabah – bugünü ötməkdir: bugünü ötməyən – sabahı yaşaya bilməz.
***
Mahiyyət – gerçəkliyi ötməkdir: gerçəkliyi ötməyən – mahiyyətə yetə bilməz.
***
İnanmaq – inandığını ötməkdir.
***
İnanmamaq – inanılanda (olay, varlıq) ilişib qalmaqdır.
***
Anlamaq – anladığını ötməkdir.
***
Anlamamaq – anlamadığında (olay, varlıq) ilişib qalmaqdır.
***
Yaşam – olayların, çağların bir-birini arxada buraxması, aşması, ötməsidir.
***
Dünyanın yenilənməsi – olayların özündəki mütləqə can atması, özünü ötməsidir.
***
Hər gün gördüyümüz iş – ötdüyümüz işdir.
***
Yaşadığımız hər anı ötürük – ona görə yaşayırıq, sağ qalırıq.
***
Ölüm – gerçəkliyi ötə bilməmək, ona bütünlüklə yenilməkdir.
***
Yaşadığımız hər anda gördüyümüz işi ötürük.
***
Düşünmək – düşündüyünü ötməkdir, yeni düşücəyə can atmaqdır.
***
Gülmək – güldüyümüzü ötməkdir, yenidən gülməyə can atmaqdır.
***
Kədəri ötməsək – kədərdən çıxa bilmərik.
***
Bir işi başa çatdırmaq – həmin işi ötməkdir.
***
Yaşadığımız olayı ötməsək – olayla birgə ölərik.
***
Ölümü ötə bilmirik – ölümlə birgə ölürük.
***
Bütün varlıq mənaya can atır – gerçəkliyi ötür.
***
Dünyanın mənasıyla yaşayan – dünyanı ötür.
***
Həyatın mənasıyla yaşayan – həyatı ötür.
***
İnsanın mənasıyla yaşayan – insanı ötür.
***
Gözəllik – çirkinliyi ötməkdir.
***
Yaxşılıq – pisliyi ötməkdir.
***
İnsanlıq – heyvanlığı ötməkdir.
***
Dünya özünü ötür – sən də dünyanı ötməlisən.
***
Həyat özünü ötür – sən də həyatı ötməlisən.
***
İnsanlığa yetmək üçün – özünü ötməlisən.
***
Günəş hər gün doğur – özünü ötür.
***
Çaylar, bulaqlar axır – özünü ötür.
***
Çiçəklər, yarpaqlar açır – özünü ötür.
***
Ötmək – sonsuzluğun hərəkətidir, heç nəylə sınırlanmamaqdır.
***
İnandığını ötməsən – ona ardıcıl inana bilməzsən.
***
Dünənki inamını ötməsən – bugün inana bilməzsən.
***
İnandığının aliliyini – inandığını ötərək anlayırsan.
***
İnandığının adiliyini – inandığını ötərək anlayırsan.
***
İnandığını ötməsən – inandığını bilməzsən.
***
Anladığını ötməsən – anladığını bilməzsən.
***
Hər gün, hər an yaranma baş verir: bugünkü, buankı yaranma – dünənkini, bayaqkını ötməkdir.
***
Hər gün, hər an ölüm baş verir: bugünkü, buankı ölüm – dünənkini, bayaqkını ötməkdir.
***
Ötən – yaşayır, ötülən – ölür.
***
Atamız var olsun!
14 Çiçək 36-cı il.
(14.5.2014).
Yolruh Atalı
filosof

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ