Novruz bayramı tətilini Borçalıda, doğma kəndim Faxralıda
keçirəcəyimi bilən saytımızın redaktoru Etibar Salmanlı mənə Borçalının Novruz
adət və ənənələri haqqında reportaj yazmağı tapşırması lap yerinə düşdü.
Çoxdandı qədim türk yurdu olan Borçalının və Faxralının bayram
adətləri ilə bağlı yazı yazmaq istəyirdim. Bu fürsət lap göydəndüşmə olmuşdu.
Səfərə tək çıxmamışdım.
Dostlarım, gənc yazar Dilqəm Əhməd, Həsən Həsənov və Gündüz Qaralov
da bayram tətilindən istifadə eləyərək mənimlə tarixi torpaqlarımızı ziyarətə
gəlmişdilər.
Faxralıda bayram Bakıda və Azərbaycanın bir çox digər bölgələrindən
fərqli olaraq mart ayının 21-i qeyd olunur. Biz də dostlarla ayın 21-i səhər erkəndən
kənd meydanına tərəf yola düşdük.
Hələ Bakıda olarkən “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan
Məmmədlidən məlumat almışdım ki, bu il də Novruz hər il olduğu kimi qədim
adətlərə uyğun keçiriləcək.
Bineyi-qədimdən adətdir, hər il bayramda Faxralıda həm öz kəndimizin,
həm də qonşu kəndlərin sakinlərinin iştirakı ilə at yarışları, cıdır təşkil
olunur. Qaliblərə kəndimizin maddi imkanlı şəxslərinin və “Borçalı”
Cəmiyyətinin xüsusi hədiyyələri təqdim olunur.
...Biz meydana çatdıqda artıq bir xeyli adamı burada toplaşmış gördük.
Qara zurnanın və Dəf toyunun sədaları adama əsl bayram əhval-ruhiyyəsi
aşılayırdı. Hər kəsin üzündə bir bayram sevinci, türkiyəlilər demiş “tatlı
bayram təlaşı” sezilirdi.
Qabaqcadan yarışda iştirak eləmək istəyən at sahiblərinə xəbərdarlıq
olunmuşdu ki, həm tamaşaçılar, həm də süvarilər “Qənsələrin” qabağında
toplaşacaqlar və oradan hamı birlikdə cıdırın keçiriləcəyi kəndin ayağındakı
düzənliyə doğru hərəkət edəcək.
Haşiyə: Faxralıda kənd meydanına xalq arasında
“Qənsələrin qabağı” deyirlər. “Qənsələr” sözü rus dilindəki “kanselyariya”-
yəni idarə sözünün kənd camaatının dilində təhrif olunmuş forması idi. Hələ
sovetin vaxtından burada dövlət və hökumət idarələri olub və camaat öz
dərdini-sərini, sevincini bölüşmək üçün bu meydana toplaşarmışlar.
Artıq saat 12-ə yaxınlaşırdı. Meydandakı insan topluluğunun arasında
atlılar da gözə dəyməyə başladılar. Quyruğu düyünlənmiş (bunu edirlər ki, yarış
zamanı atın daha sürətli qaçışına əngəl törətməsin) çılpaq atları minən
cavanlar meydanda o başa-bu başa gərdiş edərək yarış qabağı atları ilə bir növ
isinmə hərəkətləri edirdilər. (şəkil 1)
Artıq meydanda 500-ə yaxın adam və beş-altı da at var idi. Deməli
yarış meydanına doğru hərəkət eləmək olardı. Digər qonşu kəndlərdən yarışa
qoşulacaq atlılar birbaşa meydana gələcəkdilər.
Maşını olanlar maşınlarla, digərləri də piyada təxminən bir kilometr
qədər uzaqlıqda olan meydana doğru hərəkətə başladılar.
Artıq cıdır meydanında böyük qələbəlik toplaşmışdı. Yarışa qonşu
kəndlərdən gələnlərlə birlikdə 11 at qoşulacaqdı. Atlılar bir minik
avtomobilinin müşayiəti ilə iki kilometr uzaqlıqdakı başlama nötəsinə doğru
getdilər. Yarışın startı oradan veriləcəkdi və xalqın toplaşdığı məkanda sona
yetəcəkdi.
Təxminən min nəfərə yaxın adam həyəcanla gözlərini üfüqə dikərək
süvarilərin yolunu gözləyirdilər. Qara zurnanın və dəfin səsi isə xüsusi abu
hava yaratmağa davam edirdi.
Bir müddət sonra artıq üfüqdə ilk atlılar görünməyə başladılar. Bu
dəmdə çalğıçılar “Koroğlu cəngisi”ni səsləndirməyə başladılar. (şəkil 3)
Həyəcanla gözlənilən yarışın qalibi yuxarıda da
qeyd elədiyim kimi Faxralı sakininə məxsus kəhər ürgə oldu.
İkinci yeri qonşu İmirhəsən kəndindən yarışa
qatılmış göydəmir ürgə qazandı.
Üçüncü yerin sahibi də yerli at oldu. Kənd
sakinlərindən öyrəndiyimə görə yenicə bala vermiş qırmızı “qısraq” üçüncülüyü
qazandı.
Yarış başa çatdıqdan sonra “Borçalı” Cəmiyyətinin nümayəndəsi və
Faxralı kəndinin ağsaqqalı, ziyalısı Əmirxan Babaşov mükafatçıları müəyyən
məbləğdə pulla və elin qədim adətinə uyğun olaraq kəlağayı yaylıqla təltif
elədi. Birinci yerin sahibi atın boynuna
qırmızı kəlağayı, ikinciyə mavi, üçüncü gələnə isə ağ kəlağayı bağlandı. (şəkil
4, 5, 6)
Bayram isə hələ indicə başlamışdı. Yarışdan sonra camaat gəldiyi kimi
də dağılışmağa və artıq bayramı evlərində keçirmək üçün hazırlıqlar görmək üçün
evlərinin yolunu tutmağa başladılar.
Gənc yazara bayram günü Faxralıda çörək yeməyə
icazə vermədilər...
Biz də dostlarla bir az da kəndi gəzmək məqsədi ilə yenidən piyada
kənd meydanına doğru addımlamağa başladıq.
Bu zaman maraqlı bir hadisə baş verdi. Kəndin girəcəyindəki çörək
bişirmə sexindən gələn qoxu bizimkiləri elə məst elədi ki, gedib oradan çörək
almaq və yolboyu yemək istədilər. Mənim kəndin içində belə şeylər qəribə qarşlılanar
deyə etiraz etməyimdən sonra məcburi razılaşdılar. Ancaq onu da deyim ki,
Dilqəm orada qaldığı beş gün ərzində hər gün bu hadisəni yadıma salıb yarı
zarafat, yarı ciddi bir xeyli danladı məni.
Faxralıda bayramın gecəsi xüsusi maraqlı olur. Əvvəlcə hava qaralan
kimi kəndi əhatə eləyən qarşı-qarşıya iki dağın zirvəsində tonqallar alovlandı.
İlk olaraq “Yovşanlı təpə” deyilən yüksəklikdən göründü alovlar.
Kəndin cavanları yan-yana yeddi tonqal yandırmışdılar. Təxminən yarım saat
sonra “Gözəl dağı”ndan da alovlar göylərə yüksəldi.
Kəndin cavanları artıq çərşənbələrdən başlayaraq imkan olduqca ilboyu
topladıqları irili-xırdalı avtomobil və traktor təkərlərini dağlara daşıyırlar.
Hər məhəllənin öz tonqalı olur və kimin tonqalı daha uzunmüddətli yanacaq deyə
bir prinsipiallıq da olur. Bayram günü isə hər məhəllədən bir igid hava qaralan
kimi atını minərək gedib öz məhəlləsinin tonqalını alovlandıraraq geri dönür.
Bayram tonqalları gecənin bir yarısına kimi yanaraq dostlara bayram
sevinci bəxş elədi.
Kəndimizdəki əsas Novruz atributlarından biri də maskalıların
qapı-qapı gəzməsidir. Cavan-cümrü bayram axşamı müxtəlif cür maskalanaraq
dəstə-dəstə yaxınların, qohumların evlərinə baş çəkərək həm bayram paylarını
alırlar, həm də ev sahiblərini təbrik edirlər. Bəzi hallarda hətta ev sahibləri
maskalıların kim olduqlarını bilmirlər.
Nişanlı oğlanlar, istəkli olanlar da bayram axşamı maska geyinərək
adaxlılarını evlərinə gedirlər. Bu gözəl adət hələ də Faxralıda qorunub
saxlanılır. (şəkil7)
Beləcə, dostlarla bərabər uzun illər unuda bilməyəcəyimiz əla bir
bayram günü keçirmiş olduq.
Zaur Xudiyev






Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ