Gecikən şəhid məktubu...

Bu yazıya counter dəfə baxılıb

15
15 yanvar 1994-cü il...Şaxtalı boranlı qış gecəsi...Hava çox soyuqdur. Bayırda Bakının sərt qış küləyi yağan qarı ucalan yeni binalara, ağarmaqda olan yollara, üşüyərək evlərinə tələsən üzünə, hər yerə, hər şeyə sanki döyəcləyərək, intiqam alırmış kimi çırpır, sızıldadırdı...
Qəlbindəki kədəri, sızıltısı gözlərinə, üzünün cizgilərinə düşmüş, ayrılıq və həsrət dadını ciyərlərinə çəkdiyi hava kimi özündən kənara buraxmayan Gültəkin gözlərindəki  kədərin müşaiyəti ilə işıqları sayrışan şəhərin gözəlliyinə tamaşa edirdi. Külək səssiz gecənin sükutuna toxunsa da, həzinliyini əlindən ala bilməmişdi. Zərif həmdə incə qar dənələri küləyin sayəsində pəncərələrə çırpılır, əlacsız şəkildə aşağıya doğru sürüşərək əriyir, itib batır, bir daha əvvəlki vəziyyətinə qayıda bilməyəcəyini bilərəkdən sanki göz yaşı damlaları kimi inciyərək süzülüb axırdı. Binaların arasında ilişib qalan Xəzri küləyi özünə yer tapmırdı bu gecə. Hikkəli vıyıltısı insan qəlbini belə üşüdürdü. İllərdən bəri Bakı bu qədər qarlı, şaxtalı qış qonaqlamamışdı.
Yalnız Gültəkin fərqinə varmamışdı qışın bu qədər sərt halına. Küləyin bu qədər hikkəli vıyıltısına. Şaxtanın iliklərə işləyəcək qədər acımasız olmasına, gecənin bu qədər kimsəsizliyinə, və daha nələrə...
Gültəkini düşündürən nə qış idi, nə yağan qar nə də əsən külək. O, yalnız onu düşünə bilirdi ki, insan qəlbi və şüuru dərk oluna bilən bütün maddi və mənəvi aləm içində sadəcə məhəbbət hissi ilə rahat, qayğısız və səadət dolu bir həyat yaşasa mən varam deyə bilər. Göz önündə görünən, ruhun duyduğu adi və ya həyatverici ola bilər. Alov zərrəsi qədər də olsa məhəbbət, sevgi duyumunun olmaması həyatı adiləşdirir, mənasız sonluğa bağlayır. Sanki, görünən cansız maddiyyatın bir parçası olur insan. Heç bir cazibəsi olmayan daş parçasına qarşı olan daxili məhəbbət hissi isə yaşanan yaşanan həyatın dəyərini onu duya bilən insana nə qədər aşılayırsa. Bu hissi də zərrə qədər də olsa məhəbbət hissini yarada bilən insan o qədər anlayır. Nədir məhəbbət ?... Nədir onu yaratmaq ?... Nədir məhəbbətdən yaranmaq ?...
Bu suallarla dolu düşüncələr , mövzu  ilə qismən əlaqədar elmi araşdırmalar aparan fəlsəfə elmlər namizədi Gültəkin müəlliməni çox düşündürürdü. Ancaq düşünmək nail olmaq və yaşananı anlamaq demək olmadığını bilən Gültəkin  məhəbbət hissini yaradan varlığı, onun aləmini düşünürdü. Bu qədər uca və müqəddəs bir hiss. İnsanı həyata bağlayan və  həyatdan üz döndərməyə məcbur edən bir hiss... Bu hissin yarandığı, alovlandığı mürəkkəb düşüncəli, odlu insan qəlbini və idrakını yaradan Tanrının qüdrəti...
Qapının zənginin çalınması Gültəkini cavabsız suallar tunelinden diksindirərək çəkib çıxartdı. Başını buz kimi pəncərə şüşəsindən ayırıb qapıya tərəf addımlamaq istəyən Gültəkin sanki, yanaqlarına qar dənələri düşdüyünü anladı. Əlini yanağına apardı. Bu nəydi ? Əlləri nəmləndi. Aman tanrım özü də hiss etmədən gözlərindən yaş damlayırmış. Qapıya tərəf addımlayaraq bir şey düşünürdü ki, əgər insanı düşündürən bir hiss varsa qəlbin kölgələrində gizlənən kədərli anları şüur biruzə etdirmədən qəlbdən alıb kədər yaşlarına çevirə bilirmiş. Eynilə kristallaşan su damlalarının buxarlanaraq yenidən damla və ya kristal halında geri dönüşü kimi.
Zəng yenə çalındı. Gültəkin qapıya yaxınlaşıb gözlükdən baxdı. Tanımadığı, saqqalına çal düşmüş orta yaşlı, hərbi geyimli bir nəfər dayanmışdı qapının o tayında. Duruxub sakit səslə dilləndi:
-       Kimi axtarırdınız ?
-       Qızım mən hərbi komissarlıqdan gəlmişəm. Pünhan Məmmədlinin evidirmi bura ?
-       Xeyr əmi, bir mərtəbə yuxarı qalxın.
-       Çox sağol qızım. Bağışlayın sizi də zamansız narahat etdim.
Gültəkin bir anlıq əli qapının dəstəyində qaldı. Pilləkənlərlə üzü yuxarı qalxan hərbçinin ardınca baxaraq onu əhatə edən qarmaqarışıq fikirlərə başını yellədərək son qoydu və  tez qapını açıb dilləndi :
-       Əmi, bir dəqiqə olarmı sizi ?
-       Buyur qızım, nə olub ?
Çiyinlərində əsrlərin dərdini daşıyırmış kimi ağır – ağır geri çevrilib ayağını bir pillə aşağı qoyan hərbçi, qayğılı baxışlarla çətinlik çəkirmiş kimi, ağarmış tüklərlə örtülü qaşlarını yavaşca çatıb Gültəkinin nə deyəcəyini gözləyirdi. O isə donub qalmışdı. Bilmirdi necə başlasın, necə soruşsun ki, nə üçün gəlib bu hərbçi ? Nə üçün axtarır Pünhan Məmmədlinin evini. Azərbaycanımızın ayrılmaz vətən torpağı olan Qarabağ uğrunda qızğın döyüşlərin getdiyi bir zamanda bir azadlıq mücahidinin evini niyə soruşsun ki, bu insan ?
-       Qızım nə oldu ? Nə demək istəyirdin ?
-       Əmi...
O, yenə susdu. Danışmağa  gücü çatmadı. Vətən bölünməzliyi uğrunda gedən döyüşlərdə neçə-neçə igid vətən övladlarının hər gün şəhidlik zirvəsinə ucalmasının qürur hissi onu düşündürməyə başladı. Vətən sevgisi...Vətənə olan məhəbbət...Bu hissin formalaşması üçün məhəbbətdən yaranan igid övlad...
-       Səni başa düşürəm qızım. Deyəcəksən ki, gecənin bu vaxtı nə üçün gəlmişəm.
Başını yana əyərək sağ qolunu qaldırıb saatına baxan hərbçi peşmançılıq hissi yaşayaraq dilləndi:
-       Saat 11- ə qalıb 20 dəqiqə. Gecdir. Həmdə çox gec qızım. Üzrlü sayın, bağışlayın. Biz hərbçilərin müharibə şəraitində zamanı olmur. Bizim üçün zaman anlayışı demək olarki yoxdur mənim balam. Gün ərzində bilsən nə qədər insanlara kədər və  qürur hissi yaşadırıq biz. Ehh...
Gültəkin yaxşı anlayırdı ki, Azərbaycan torpaqlarının azadlığı uğrunda müharibənin getdiyi bir müddətdə hərbi komissarlıqdan gələn nümayəndə xeyir xəbər üçün döyüşçü qapısının zəngini vurmaz. Bu düşüncələrə dolan Gültəkin lap uşaqlıqdan bir yerdə böyüdüyü, yoldşları arasında ən bacarıqlı və cəsur olan Pünhanın Qarabağ torpaqları uğrunda gedən müharibəyə könüllü döyüşçü kimi getməsindən daha keçmişə qədər olan xatirələri vərəqləməyə başladı. Xatirələr kitabının  bir səhifəsində özü də istəmədən dayanmağa məcbur oldu. Bu məcburi dayanma sükutu pozdu.
-       Qızım niyə ağlayırsan ? Axı nə olub ? Mən heç nə demədim. Bir də axı qonşun sağ salamatdır. Düşmən tərəfindən işğal olunan torpaqlarımızın azad olunması uğrunda şərəflə döyüşür. Məktubu var. Bu gün Hərbi komissarlığa gəlmiş döyüş yoldaşı məndən xahiş etdi ki, evlərinə çatdırım. Tələsirdi...ona görə mən gələsi oldum.
Gültəkin hələ də xəyallarında çox uzaqlarda idi. Gözləri önündə “Kitabi-Dədə Qorqud” dastanında Qazan xanın evinin yağmalanması səhnəsi ilə Xocalıda evlərimizin yağmalanması dumanlı dumanlı canlanırdı... Hayqırmaq istəyirdi. Göyçədə alovlanan yurd yerlərimizin nisgilini hayqırmaq istəyirdi. Zəngəzurda qalan binələrimizdən gələn səsli küylü günlərin həsrətini hayqırmaq istəyirdi... İrəvanda qalan arzularımızın kədərini hayqırmaq istəyirdi. Özü də hiss etmədən əlləri titrəməyə başlamışdı. Gözlərindən qəzəb və səbrsizlik yaşları damlayırdı. Acizlik hissi bürüyürdü onu artıq. Nə qədər axı...Nə zamana qədər axı...Biz nə üçün belə acizləşib cılızlaşırıq düşüncələri onun qəzəbini vətən məhəbbətinə yönəldirdi. Hərbi komissarlığın nümayəndəsi pillələri asta-asta aşağı düşüb onun önündə dayandı. Titrəyən əlləri ilə qəzəbdən əsən qızın gözlərindən axan yaş damlalarını sildi. Məktubu ona uzadıb :
-       Qızım səbrli ol. Vətənimiz bu bəladan xilas olacaq. Torpaqlrımızı isə düşmənlərimizi məhv edərək azad edəcəyik. Müharibəni biz başlamadıq. Ancaq ona biz son qoyacayıq. Həm də qalib gələrək. Torpaqlarımızı döyüşərək azad edəcəyik. Bu qədər ağlama. Hələlik. Bu məktubu isə ailəsinə verərsən. Hər şey yaxşı olacaq. Hələlik qızım.
Gültəkin indi ayılan kimi oldu. Əlində bərk-bərk tutduğu məktuba baxıb dilləndi:
-       Əmi sağol. Bəs mən bunu kimə çatdırım ?
-       Ailəsinə, evlərinə çatdır qızım.
-       Axı onun yalnız qalmış tək anası vardı...o isə keçən həftə dünyasını dəyişib. Ölümündən cəmi 8 gün küçib. Dünən 7-si idi. Qonşular kiçik məclis hazırlayıb ruhuna dualar oxutdurular. Hec Pünhan anasının hüzürünə də gəlmədi. Onun cəbhənin hansı bölgəsində olmasından xəbərimiz də olmadı məlumat verək. Komissarlığa isə bildirdik. Hələ də bir xəbər yoxdur...
Gültəkin bunu deyib hönkürdü. Gecənin səssizliyində səsinin qonşular tərəfindən eşidilməməsi üçün nə qədər çalışsa da hıçqırtılarını gizlədə bilmədi. Çiyinlərində ay-ulduzlu paqonlu polkovnik-leytenant  Azil Sərdarlı qızın bu halına dayana bilmədi, irəli addım atıb onu qolları arasına aldı:
-       Mənim balam sən nə qədər vətənsevər birisən. Nə qədər kədərlisən. Sanki vətən məhəbbətindən yaranmısan. Mən müharibənin ağrı acısını görmüş adamam. Sənin vətən sevgin hər bir böyüyən igid oğlan və qızımızda olsa bizlər bu qədər ləngiməzdik son iki yüz il ərzində, Gülüstan və Türkmənçay faciələrindən bu yana itirdiyimiz vətən torpaqlarının geri qaytarılmasında.
Azil Sərdarlı bu sözləri deyib icində onu yeyən düşüncələrlə çarpışmağa başladı. Tərəddüd dolu hikkələri onu qızla sağollaşıb getməyə məcbur etdi.
-       Hələlik qızım. Allah amanında. Məktubu...
Gerisini deməyə gücü çatmadı polkovnikin. Əlini ağır-ağır qaldırıb Gültəkinin çiyninə qoydu. Alnından öpdü. Gözləri ilə halaldır səndə olan vətən məhəbbətini səndə yaradan valideynlərinə sözlərini deyirmiş kimi solğun baxışlarla ona təşəkkür bildirdi. Başını yellədərək hələlik dedi. Arxaya çevrilib pillələri üzüaşağı düşməyə başladı. Gültəkin bir qədər duruxub düşüncəli halda içəri keçdi. Qapını bağladı. Bayaq dayandığı pəncərənin önünə gəldi. Alnını donmaqda olan şüşəyə söykədi. Yağan qar artıq yolları ağartmışdır. Hərbçi Azil əmi artıq ağarmış qarın üzərində addımlayaraq kimsə olmayan dayanacağa doğru gedirdi. Havanın soyuqluğu təsir etmirdi daha. Nə küləyin səsi, nə də şaxtanın gücü daha yox idi. Hər şey adiləşmişdi. Gültəkin daha düşünmürdü. Dayanacaqda durub gəlməyəcək avtobusu gözləyən Azil əminin ona verdiyi məktubu açdı...Məktubda yalnız bir necə cümlə və bir tarix yazılmışdır.
08.01.1994-cü il tarixdə övladınız Məmmədli Pünhan Mürsəl oğlu Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Vətən fədaisinin cəsədi düşmən tərəfindən işğal olnunan ərazidə qalmışdır. Şəhidimizin cəsədi alınaraq sizə, ailəsinə təhvil veriləcəkdir. Vətən sağolsun !!!     
                                                                      N saylı h/h komandiri   Məkan Vüqarlı.
Gültəkinin məktubu oxumağı ilə tükürpədici səsi ətrafı bürüməsi bir oldu. Artıq qonşuların narahat olmasını düşünməyə belə şüuru yox idi. Onu yalnız şəhid olan vətən fədailərinin birinin də artması, gələcək milli kimliyin şübhə altına alınması və milli-mənəvi dəyərlərə sahib olan vətəndaşın insani hissləri narahat edirdi. Gözləri dayanacaqda dayanan hərbçiyə zillənmiş qız hövlank halda qapını açdı, tələsik və ağlayaraq pillələri düşüb onun arxasınca dayanacağa tərəf qaçmağa başladı. Nə yazıq ki, dayanacaqda kimsəni tapmadı. Kimsə yox idi artıq. Heç ayaq izləri belə yox idi. Yağan qar nə tez örtdü ötən izləri...Bu mümkün deyildi...Qızcığaz məktubu əlində bərk-bərk tutub son nəfəsi ilə hayqıraraq:
-Axı niyə tələsdin Allahım. Sən tələsdin amma həyat gecikdi...Yetər daha səbrim tükəndi...dedi və üzü üstə qarın üzərinə yıxıldı. Ətrafa çökən sükutu Xəzri belə poza bilmədi.
Artıq hər şey gecikmişdi... Hər kəs kimi...


 Nizami Məmmədli. 1994 - cü ilin fevral ayı.
Cəbhədə həyatın hələdə davam etdiyi bir zamanlar.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ