Akif ABBASOV:
Xancan oğlu Nazimin mənzilində pasport qeydiyyatına alınmışdı. Nazim Bakıda yaşayırdı, Xancan kişi isə rayonda. O zamanlar indiki bankomat yox idi. Pensiya pulunu gedib poçtdan alırdılar. Ərazidəki poçtun müdiri Nazimin tanışı idi. Gəlib atasının pensiyasını alır, rayona – atasına yola salırdı.
Son zamanlar problem yaranmışdı. Poçtun müdiri dəyişmişdi. O, öz qayda-qanunu ilə işləyirdi: birisinin banderolunu başqası götürməsin, pensiya pulunu zəhmət çəkib yiyəsi gəlib alsın.
Nazim indi bilmirdi nə etsin. Tanış qızlar daş atıb başlarını tuturdular:
-Qayda Qanunov atamızı yandırar. Xancan kişini gətirin, pensiyasını özü alsın.
Qızların bu sözlərindən sonra Nazim müdirin yanında da olmuş, eyni cavabı almışdı. İndi kor-peşman evə qayıdırdı. Xancan kişi də rayonda oturub pensiya pulunu gözləyirdi. Nazim müdirə tanış tapmaq barədə fikirlərə qərq olmuşdu ki, birdən dostu Heydərə rast gəldi. Heydər:
-Hə olub, Nazim, dəryada gəmin batıb deyəsən.
Nazim dilxor halda:
-Ona oxşar şeydir, - dedi.
O, əhvalatı Heydərə danışdı. Heydər də fikrə getdi. Dostuna necə kömək etsin? Amma çarəni Nazimin özü tapdı:
-Ay Heydər, sən mənim qardaşımsan?
Heydər:
-Bu nə sözdür? – dedi. –Yaxın dost elə qardaş deməkdir.
Nazım gülümsədi:
-Onda demək Allahyar kişi mənim də atamdır.
Heydər təəccüblə ona baxdı. Onun sözlərinin mənası ona çatmamışdı. Allahyar Heydərin atasının adı idi. Doxsan üç yaşı vardı.
Nazimin heyrətlə açılan gözlərini onun sifətinə zillədiyini görərək aydınlıq gətirdi:
-Xancan kişini Bakıya gətirmək üçün vaxt lazımdır, həm də bir az xəstəhaldır.
Heydər:
-Hə, - dedi.
Nazim davam etdi:
-Poçtda nə Xancan kişini tanıyırlar, nə də Allahyar kişini. Deyirəm aparaq Allahyar kişini Xancan atamın pensiyasını alsın.
Heydər razılaşdı:
- Bu heç mənim ağlıma gəlməyib. Amma bu köhnə kişilər bir az düznəquludurlar. Birdən adını soruşarlar, çaşıb “Allahyar” deyər.
-Bu da düzdür. Əşi bunun əlacı var. Kişini başa salarıq.
Dostlar Heydərgilə getdilər. Heydərin evi Alatavadaydı. Həyət evi idi. Allahyar kişi kölgəlikdə oturmuşdu. Qarşısında samovar çayı siqaretini çəkirdi. O, gələnləri salamladı. Dostlar oturdular. Az sonra onlar üçün də çay gəldi.
Nazimlə Heydər məsələni Allahyar kişiyə danışdılar. Heydər dedi:
-Atacan, sənin dostum Nazimə köməyin lazımdır. Gərək Xancan kişinin pensiyasını alasan. Amma poçtdan evə dönənə kimi adının Allahyar olduğunu unudasan. Sənin adın müvəqqəti olacaq Xancan. Ata, yadından çıxmaz ki?
Allahyar kişi onları arxayın etdi. Dostlar ayağa qalxıb yola düzəldilər. Bir az keçmiş Nazim soruşdu:
-Atacan, adın nə oldu?
Allahyar kişi ayaq saxlayıb inamla:
-Allahyar, - dedi.
Heydər ciddi:
-Atacan axı danışdıq. Hələlik sənin adın oldu Xancan. İndi de görüm, adın nədir?
-Xancan.
-Ay sağ ol. Bax belə.
Poçta yaxınlaşmışdılar. Allahyar kişi əllərini arxasında çarpazlayaraq asta addımlarla irəliləyirdi. Nazimlə Heydərin ayaq saxladıqlarını görüb o da dayandı. Heydər soruşdu:
-Ata, sənin adın nə oldu?
Allahyar kişi tərəddüd etmədən dedi:
-Allahyar.
Heydər dilxor oldu:
-Atacan. Xancan kişi rayonda oturub pensiyasını gözləyir. Sən biz deyənə əməl eləməsən, o, pulsuz qalacaq. Xancan kişinin pensiyasını ala bilməyəcəyik. Sənin adın Xancandır. Pulu alaq, ondan sonra yenə ol Allahyar kişi.
Allahyar kişi başını tərpədib onunla razılaşdı:
-Xancan kişi.
Heydər sevindi:
-Bax belə, ata. Bu adı onca dəqiqə yadında saxlaya bilərsən?
-Bilərəm... Xancan.
-Getdik.
Xancan kişinin pasportunu qızlara uzatdılar. Sevil adlı qız pasportu alıb baxdı. Allahyar kişiyə müraciətlə:
-Bu pasport sizindir? – deyə soruşdu.
Allahyar kişi cavab verdi:
-Məmimdir, qızım, mənim.
Nazim sevincək Heydərə, Heydər də Nazimə baxdı.
Poçtun müdiri də yaxınlaşdı. Pasportu Sevilin əlindən alıb baxdı. Sonra soruşdu:
-Dayı, adın nədir?
Allahyar kişi inamla:
-Allahyar, -dedi.
Poçtun müdiri:
-Bəs Xancan kişinin pasportu səndə nə gəzir? – deyə soruşdu.
Bunu eşidən Allahyar kişi dönüb Nazimə, sonra da Heydərə baxdı. Səhv etdiyini başa düşdü, dostların xahişini yerinə yetirə bilmədiyinin xəcalətini çəkdi. Amma iş-işdən keçmişdi.
PENSİYA PULU (hekayə)
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ