Usta Əliş, adəti üzrə işə obaşdandan gəlmişdi. Azər salamlaşıb oturdu. Şəhər həyatından bezəndə özünü kəndə verərdi. Ayaqyalın torpağın üstündə gəzməkdən xoşu gəlirdi. Bu gün də kəndə getmək istəyirdi. Mer-meyvənin yaxşı vaxtı idi. Kənd xəyallarına elə qapılmışdı ki, Həsənağanın nə vaxt içəri girdiyindən xəbər tutmadı. Bir də onda gördü ki, o, görüşmək üçün əlini irəli uzadıb:
-Dostum, nə yaman fikrə getmisən? Nə qədər ölçüb-biçsən də, tövlə evin dalına düşəcək.
Azərin dodağı qaçdı. Əliş öz işində idi. Onun saçlarını düzəltmişdi. İndi də üzünü sabunlayırdı. Həsənağa hal-əhval tutandan sonra soruşdu:
-Bu gün Əmircana getmək fikrin var?
-Allah qoysa…
-Sənə bir zəhmət vermək istəyirəm. İsmayıl kişiyə bir az borcum var. Onu çatdırarsan?
Əlbəttə, bu nə sözdür?
Əliş artıq onun üzünün bir tərəfini qırxmışdı. Həsənağa kağıza bükülü pulları cibindən çıxaranda Azər xəbər aldı:
-Nə qədərdir?
Həsənağa cavab verdi:
-İki min.
Azər:
-Oldu. Bu gün çatdıraram, - deyib pulları pencəyinin qoltuq cibinə qoydu və cibinin ağzını düymələdi.
Həsənağa İsmayıl kişiyə onun salamını və razılığını yetirməyi tapşırıb getdi. Az sonra Azər də çıxdı. Birdən yadına düşdü ki, pulları alanda saymadı. Atasının dediyi sözlər yadına düşdü: «Oğul, yerdən pul tapanda da, onu say. Pul kimi çirkin şey yoxdur. İnsanların başına hər nə gəlirsə, onun ucbatından gəlir».
Evləri uzaqda deyildi. Ərinməyib evə yollandı. Kağızı açıb pulları saymağa başladı. Hamısı qatı açılmamış əlliliklər idi. Axırıncı pulu sayanda Azəri tər basdı. Əlli manat çatmırdı. Bir də saydı, sonra bir də. Arvadını səsləyib pulu saydırdı. Əlli manat əskik idi. Azər dodağının altında mızıldandı: «Səhər səhər işə düşmədik?!»
Arvadı:
- Çatmır, de, üstünü düzəltsin.
Azər odla su arasında qalmışdı. Həsənağa ilə xeyli yaş fərqləri vardı. Bir tərəfdən bilmirdi Həsənağaya necə desin pul çatmır, digər tərəfdən pulu İsmayıl kişiyə əskik vermək olmazdı. Bu da, o da nə fikirləşərdi? «Oturduğun yerdə işə düşmək, bax buna deyəirlər! Atam «Oğul, yerdən də pul tapsan, onu da say» deyəndə necə də haqlı imiş. Onun odla-su arasında qalıb dilxor olduğunu görən arvad: Burada nə var ki, özünə dərd edirsən?! Sən vurmadın, mən yıxılmadım. Pulu əskik verib. Ya bunu İsmayıl əmiyə de, ya da Həsənağa kişiyə…
Azər:
-Yaxşı, yaxşı! - deyib ayağa qalxdı. Arvad da mətbəxə keçdi. Azər künc-bucağı axtarıb iki dənə əzik iyirmi beşlik tapdı. O vaxtlar üçün əlli manat böyük pul idi.
…Adəti üzrə Azəri kənddə hörmət və izzətlə qarşıladılar. Qohum-əqrəba başına yığışdı. Atasını, anasını, ev-eşiyini soruşdular. Kənddə bir yerə toplanmaq, yeyib-içmək, şənlənmək üçün onsuz da bəhanə gəzirlər. Tez manqalı hazırladılar. Bayaqkı əhvalat Azərin kefinə soğan doğramışdı. Axşam kənddə qalmaq fikrindən daşınmışdı. Evin olan-qalanını süpürüb pulun üstünü düzəltmişdi. Gərək qayıdıb 30-40 manat borc tapaydı. Maaşa hələ xeyli vardı.
Azər qohum-əqrəbanın təkidinə baxmayıb ayağa qalxdı. Yola düşməmişdən İsmayıl kişiyə dəydi. İsmayıl kişi mağaza müdiri işləyirdi. Kəndin sözükeçən, varlı-karlı üç kişisindən biri idi. Əliaçıqlığına, səxavətinə, nüfuzuna görə şəhərdə də yaxşı tanıyırdılar. Azərin atası ilə dost idi. O, Azəri qucaqlayıb öpdü, atasını xəbər aldı. Azər kağıza bükülü pulları çıxarıb ona uzatdı:
-Həsənağa dayı göndərdi. Razılıq edir, salamı var.
İsmayıl kişi pulu alıb:
-Axır ki Həsənağa şeytanın qıçını sındırıb, borcunu qaytardı. Sağ ol, bala, əziyyət çəkmisən, - dedi.
-Nə əziyyət, İsmayıl əmi.
-A bala, qalacaqsan, yoxsa şəhərə gedirsən?
-Qayıdacağam, İsmayıl əmi.
-Atana salamımı yetir. Ona çatdır ki, İsmayıl əmim deyir, nə olar, bir buralarda da görünsün, - dedi və sonra əlavə etdi. – Yaxşı yadıma düşdü. Tələsmə, Mirzə də şəhərə gedəcək. Onun maşınına oturarsan.
Şəhərə axşamtərəfi çatdılar. Mirzə ilə xudahafizləşəndə o, Azəri saxladı. İsmayıl kişinin qutuya qoyduğu payı Azərə verdi. Evdə qələbəlik idi. Atası qonaq gəlmişdi. Nəvələriylə oynayırdı. Gedəndə Azəri kənara çəkib:
-Birdən pulun olmaz, al bunu, qoy cibinə, - deyə yüz manatlığı ona uzatdı.
Azər götürmək istəmədi, ata təkid etdi. O gedəndən sonra qutunu açdılar. İsmayıl kişi xeyli pay qoymuşdu.
Təxminən on gün keçmişdi. Əlli manat əhvalatı yaddan çıxmaq üzrə idi. Yenə də kəndə getmişdi. Onun burada olduğunu eşidən İsmayıl kişi adam göndərib Azəri evinə çağırtdırdı. Xeyli qonağı vardı. Kababın iyi ətrafa yayılmışdı. Şəhərdən də qonaqlar gəlmişdilər. İsmayıl kişi Azəri qonaqlara təqdim etdi:
-Dostumun oğludur, özü də dostumdur…
Azər lap məəttəl qaldı ki, İsmayıl kimi nüfuzlu kişi onu özünə dost bilir. Məclisin şirin yerində İsmayıl kişi Azəri bir kənara çəkib dedi:
-Səndən bir şey soruşacağam, amma gərək düzünü deyəsən. Həsənağa qırışmal pulu sənə əskik veməmişdi ki?..
Azər boynuna almaq istəmədi. İsmayıl kişi:
İsmayıl əminin canı üçün!
Azər məcburiyyət qarşısında qalıb:
-Əlli manat çatmırdı, - dedi.
İsmayıl kişi şaqqanaq çəkdi:
-Görürsən, necə düz tapmışam! Deyirəm axı. Hamısı ütülü əlliliklərdir, arasında iki dənə əzik iyirmi beşlik. Onları görən kimi başa düşdüm ki, bu, sənin işindir.
İsmayıl kişi məcburən əlli manat pulu Azərin döş cibinə qoyaraq:
-Sənə rəğbətim daha da artdı, oğul. Borcu kəm vermək isə, Həsənağanın köhnə şakəridir.
Akif ABBASOV

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ