Salam, əzizim.
Bu məktubu
bəlkə sənə, bəlkə özümə, bəlkə də sən olmuş mənə yazıram. Bu gün sevgililər
günüdür deyirlər. Ürəyim döyünür sevginin adı çəkiləndə. Sən yanımda olmasan
da, nə bilim bəlkə də, sən heç olmasan da sənə bir məktub yazıram.
İndi
sevgini yaşaya bilməyən dindarlar deyəcək ki, bu gün bizim günümüz deyil, nə bilim bu günü yaşamaq olmaz, qeyd etmək olmaz
və s.
Eyni ilə
Mopasanın rahibləri kimi. Yəqin ki, oxumusuz da Mopasanın “Ay işığında ” hekayəsini
və duymusuz oradakı rahibənin ürək yanğısını. Sevgi bu dünyanın yaranma səbəbidir.
Sevgini yaşaya bilməyənlər onu qaralamağa çalışsa da.
Sevgililər gününü niyə qeyd
etməyək əziz dindarlar.Nifrət günü, şeytan günü deyil ki?
Onlar da bu dünyanın insanı
deyilmi? Dinlərimiz başqa olsa da eyni dünyada sevgi ilə yaşaya bilmərikmi?
Bu yaxınlarda Ruminin
xanımına yazdığı məktubu göz yaşları ilə oxudum. Rumi ki, eşqin sultanı,
Allahın böyük vəlisi.
Bəli, əzizim mən də sənə
bir məktub yazmaq istədim. Bağışla məni sevgilim nifrətin ürəklərdə buz tutduğu
bir dünyada sənin sevgini doyunca yaşaya bilmədim.
Sənin üçün, sevgin üçün heç
nə edə bilmədim. Bir Qeys olmağı kimsə məndən gözləmirdi, ancaq ən azından səndən
sonra kimsəyə “səni sevirəm” deməməliydim.
Bilirsizmi niyə indiki
şairlərin şeirləri ürəklərə yol tapa bilmir?
Bilirsizmi niyə indiki
sevgilər bu dünyada, yaralı ürəklərdə bənd ala bilmir?
İndi saflıq qalmayıb
sevgilim. Mən səni necə sevirdim xatırlayırsanmı?
Gözlərinə baxırdım xəlvətcə,
ancaq səninlə toqquşsa baxışlarımız bir anlıq yanıb kül olurdum, tez gizlədirdim
səndən baxışlarımı.
Birlikdə oxuduğumuz dörd il ərzində bir dəfə də
olsun cəsarət edə bilmədim sənə, səni sevirəm deməyə. Bağışla məni sevgilim, sənə
deyə bilmədiyim o sözləri sevmədiyim insanlara dediyim üçün.
Səninlə son görüşümüzdə mənə
ruhunu vermişdin. Həyatında qadının olsun, xöşbəxt ol” demişdin,
xatırlayırsanmı sevgilim?
Həyatımda qadınlar oldu, gələcəkdə
də olacaq, ancaq xöşbəxtlik məndən uzaqdır sevgilim.
Sənin üçün yazıram bütün
yazdıqlarımı. İkimizin yox olmaması üçün, yaşaması üçün tarixin tozlu vərəqlərində.
Bəli, əzizim.
Bu gün sevgililər günüdür,
bu gün sevənlərin günüdür.
Bir dovşan kuklası alacağım
sevgilim olmasa da, ən gözəl şeirləri yazacağım bir sənim varsan sevgilim.
Bir gün bir sevgi şeiri
olub düşəcəm ikimizin yerinə dünyanın qəlbinə.
Bağışla sevgilim, indi getməliyəm.
Tural Sahab.

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ