Bəli, gəlin yazmayaq! Gəlin, sakitcə bir
küncə, bir kənara çəkilib bir zamanlar badəsini divara çırpan zahid kimi susaq
və sadəcə düşünək! Yox, düşünmək azdır, nəyi düşünəcəyik? Düşünək, razıyam,
düşünək, razıyam, amma əvvəcə gəlin nəyi düşünəcəyimizi bir özümüz üçün
dəqiqləşdirək. Düşünəcəklərimizi özümüz üçün dəqiqləşdirdikdən sonra bir anlıq
da olsa ətrafımıza baxaq! Ətrafımız deyəndə fərq etməz, yaxın olsun, ya uzaq!
Onların gəldikləri yola nəzər salıb, onları fərd – fərd incələməyə çalışaq!
Qaliblərin necə qalib olduqlarını, bu yolda hansı məhrumiyyətlərə
qatlandıqlarını, hansı əzablara
dözdüklərini, məğlubların isə hansı səbəb(lərdən) məğlubiyyətə düçar
olduqlarını araşdıraq.
Bəli, gəlin yazmayaq! Birmənalı şəkildə
qələmdən, kağızdan, bilgisayardan və “yazmaq” sözünü bizlərə xatırlada biləcək
hər şeydən uzaqlaşaraq, vaxtımızı təkcə oxumağa ayıraq. O zaman görərik ki, biz
miflərin yaradılışı üzrə ekspert yaratmaqla məşğul olmuşuq indiyə kimi. Və
indən sonra dayanaq, özümüzə bircə anlıq belə olsun “dur” deyək, mif yaratmaq
üzrə mütəxəssis olmaqdan əl çəkək və deməyək ki, məsələn filankəs
əvəzolunmazdır. Həzrəti İsanı inkar edən Avropa özünüinkar modeli ilə yeni bir
dövrə qədəm qoydu. Onu öldürdü, yeni dəyərlər yaratmağı qarşısına məqsəd kimi
qoyarkən onu yox saydı. Yox sayarkən yeni düşüncə məktəblərinin yaranması
naminə hər zaman bir qapını açıq qoydu. Açıq qoyulan qapı Avropanın yenidən
şəkillənməsinə öz töhfəsini verdi. Dindar xristianlar belə teist düşüncənin inkişafı
naminə durmadan səy göstərdilər və bu səyin səbəbinin özü olduqca açıq idi:
yenidən formalaşdırılan Qərb düşüncə məktəblərində teist düşüncə özünə yer
axtarmaqda idi. Onlar bunu edərkən bizim “dejurni mollalarımız” hələ də cadu
yazmaq, kitab ağzı açmaq kimi şeytan əməlləri ilə məşğul idilər. Çünki çağı
yaxalamaq hələ onlara nəsib olmamışdı. Çünki əhatə dairəsindən kənarda
buraxılmışdılar. Çünki dəvəquşu idilər, dünyada nələrin baş verdiyindən
xəbərləri belə yox idi. Görmürdülər ki, dünya artıq mədrəsədə keçirilən dəruni
elmlərdə ilişib qalmayıb. Dünya artıq mədrəsə modelini özününkü eləyib və sən
artıq istəsən də, istəməsən də sənin modelin onların əlindədir. Mədrəsə
sisteminin, oxu kültürümüzün əlimizdən birdəfəlik çıxmasından sonra biz oxumağa
“əlvida” – dedik. Biz yazmağa girişdik. Indi isə gəlin yazmayaq!
Bəli, indi isə gəlin yazmayaq! Əlimizin
altında böyük bir virtual dünya var, bu virtual dünyada isə araşdırsaq inanın
ki, biz istədiyimiz qədər maraqlı mənbəə və mətnlər tapa bilərik. Həmin
mətnləri oxumadan bizim nəsə yazmağımızın və ya yazdığımızı iddia etməyimizin
elə də ciddi bir önəmi olmayacaq! Yenə də gənclərimiz kitab oxumaq yerinə Polad
Ələmdarvari uzun paltolarını əyinlərinə geyinib mafia – kulblarında, çay
evlərində vaxt öldürəcək, yenə də qadınlarımız ucuz sabun köpüyü serallarla
Braziliyadakı azad sevginin dəniz kənarındakı ehtiraslı qəhəvərəngli havasına
uyub xoşhallanacaq, və yenə də kişilərimiz masalarda sağlıq deyərkən Qarabağ
gəlib qəflətən onların gözlərinin qabağında dayanacaq və onlar Qarabağı unutmaq
üçün içalatlarını yandıran araqdan vurub qoyun pendiri, göy – göyərti ilə
“zakuska” edəcəklər. Və biz bir də gözümüzü açıb görəcəyik ki, artıq qatar
gedib. Bizə isə yalnız və yalnız gedən qatarın arxasınca baxmaq alacaq. Gedən
qatarın arxasınca baxmaq isə şübhəsiz ki, yenilgini qəbul etməyin ən bariz
göstəricisidir.
Ona görə də sizdən ricam, xahişim və
tələbim, gəlin bir müddət yazmayaq! Oxuyub ən azından dünyanı dərk edənə kimi!
Oktay Hacımusalı

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ